Azərbaycan Respublikası Ali Məhkəməsi


2022-ci il iyulun 8-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib

Bölmə: Plenum iclasları 8.07.2022 12:53
  • Plenumun iclasını giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasına və bu sahədə davam edən islahatların dərinləşməsinə təkan verib.

    Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının  və elektron idarəetmənin tətbiqi genişləndirilib.

    Sədr bildirib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə hakim ştatlarının sayı artırılmış və bununla əlaqədar növbəti dəfə hakimliyə namizədlərin seçilməsi prosesi aparılmışdır.

    Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 39 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub. Seçimlərdə uğur qazanan namizədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 1 iyul tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar.

    Ali Məhkəmənin sədri hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

    Bildirilib ki, hakim adını qazanan 39 nəfərdən 23 nəfərinin qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürüdür.

    Plenum iclasında respublika məhkəmələrinə yeni təyin olunan 39 nəfər hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

    Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

    Daha sonra Plenumda konkret işlərə də baxılıb.

    Bununla da Plenum öz işinə yekun vurub.

     

Baxılıb: 2291
Paylaş