Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfər etmişdir

Bölmə: Xəbərlər 17.05.2022 15:00
  • 2022-ci il mayın 16-17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasının Praqa şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 12-ci konfransında iştirak etmişdir.

    Hər il keçirilən Konfransın əsas məqsədi ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaqdır.

    Avropanın bir çox ölkələrindən olan Ali Məhkəmə sədrlərinin iştirak etdiyi tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilmişdir. Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Ədalət mühakiməsinə əlçatanlıq” mövzusunda çıxış etmişdir. 

    Ali Məhkəmənin sədri bildirmişdir ki, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar çərçivəsində qanunvericiliyə edilən dəyişikliklər, xüsusilə də  kassasiya instansiyası məhkəməsində icraatın tam şəkildə yazılı icraata keçməsi, ölkənin müxtəlif regionlarından olan vətəndaşların paytaxtda yerləşən Ali Məhkəməyə gəlməsi zərurətini aradan qaldırılmaqla, onların bir sıra xərclərdən azad etməklə ədalət mühakiməsini daha əlçatan etmiş, eləcədə məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını almışdır. Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumlarının həddini tənzimləyən qanunvericiliyə edilən köklü dəyişikliklərdən söz açan Ali Məhkəmə sədri, qeyd etmişdir ki, məhkəməyə çatımlığın zərbə almaması üçün dövlət rüsumlarının dərəcələrinin ümumi şəkildə artırılmasından çəkinilərək, onların iddianın qiymətinə mütənasib olaraq diferensiasiya edilməsi qərara alınmışdır.

    Bunlarla yanaşı ölkəmizdə yaradılan mediasiya insititutu barədə konfrans iştirakçılarına məlumat verilərək qeyd edilib ki, mediasiya sessiyaları ilə bağlı rüsumların hədlərinin məhkəmə rüsumlarından daha az olması vətəndaşları öz mübahisələrini məhkəmədənkənar alternativ üsullarla həllinə səy göstərmələrinə təkan vermişdir.

    Ali Məhkəmənin sədri Azərbaycanda hakimlərin fərdi qaydada seçimi prosesinin yüksək standartlarla aparılması, hakim sayının artırılması, “Elektron məhkəmə” informasiya sisteminin istifadəsinin daha da genişləndirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində tədbirlərin görülməsi, ölkənin şəhər və rayonlarında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın həyata keçirilməsindən, eləcə də Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.  

    Ali Məhkəmənin sədri səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.

Baxılıb: 1185
Paylaş