Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

Bölmə: Plenum iclasları 24.12.2021 14:23
  • 24 dekabr 2021-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin  növbəti Plenum iclası keçirilmişdir. 

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 60 illik yubileyidir.

    Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin   rəhbərliyi və bacarıqlı sərkərdəliyi ilə  qazanılan böyük Qələbənin bir illiyini Azərbaycan xalqı böyük qürurla qeyd edir.  Xalqımız  bu möhtəşəm Zəfərin təsiri altındadır. 30 il həsrətində olduğumuz  Qarabağ   44 günlük Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olundu. “Dəmir yumruq” əməliyyatı  nəticəsində tarixi Qələbə qazanılıldı.

    Qələbəni  Cənab Prezidentin yaratdığı mükəmməl birlik - dövlətimizin gücü, ordumuzun qüdrəti, xalqımızın ruhu təmin etdi.

    Respublikamızda bütün sahələr üzrə islahatlar aparılır. Ölkəmizdə beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sistemi formalaşır, müasir informasiya texnologiyalarına çıxış imkanları genişlənir, bütün infrastruktur müasir səviyyədə qurulur və  inkişaf edir. Müstəqil Azərbaycanın inkişafının 18 ili cənab Prezidentin adı ilə bağlıdır.

    Möhtərəm cənab  Prezidenti yubileyi münasibəti ilə  Sizin adınızdan, Ali Məhkəmənin Plenum üzvləri adından böyük səmimiyyət və ən xoş arzularla təbrik edirəm.

    Plenumda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunmuşdur.

    Bildirilmişdir ki,  Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələdir. Məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən bu sahədə təcrübənin ümumiləşdirilməsi həyata keçirilərək bəzi hallarda cinayət-prosessual normaların tətbiqində müəyyən məsələlərlə bağlı fərqli yanaşmaların olması müəyyən edilmişdir.

    Məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayət-prosessual normaların eyni cür tətbiqini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Plenumu “Məhkəmə hökmü haqqında” müvafiq qərar qəbul etmişdir.

    Plenum iclasında Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrində 2017, 2018-ci illərdə və 2019-cu ilin birinci yarimilində uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrlə bağlı işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı keçirilmiş ümumiləşdirmənin nəticələri geniş müzakirə  olunmuş və təhlillər aparılmışdır. 

    Qeyd edilmişdir ki,  aparılmış ümumiləşdirmənin nəticələri həmin illərdə uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə məhkəmələr tərəfindən qüvvədə olan qanunvericiliyin tətbiqi üzrə bir-birindən fərqlənən yanaşmaların sərgiləndiyi müəyyən edilmiş,  bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması zərurətini üzə çıxarmışdır.

    Bu baxımdan, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə edilərək  müvafiq qərar qəbul edilmişdir.

    Plenum iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunmuş və  müvafiq qərarlar qəbul olunmuşdur.

Baxılıb: 2306
Paylaş