Azərbaycan Respublikası Ali Məhkəməsi


“Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il” kitabının təqdimatı olub

Bölmə: Xəbərlər 18.12.2021 14:38
  • Azərbaycan Respublikasının Ali Məhkəməsində “Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il” adlı kitabın təqdimat mərasimi keçirilib.

    Kitab ölkəmizdə inzibati məhkəmələrin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində nəşr olunub.

    Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun 2011-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılıb. Ötən 10 il ərzində ölkəmizdə inzibati məhkəmə icraatı sahəsində normativ bazanın formalaşdırılması prosesi təkmilləşdirilib, məhkəmə sistemində mərhələli keçidlə tam ixtisaslaşmanın yaradılması təmin edilib.

    Kitabda Azərbaycanda məhkəmə hakimiyyətinin tarixi və dövlət müstəqilliyi bərpa edildikdən sonra məhkəmə-hüquq sahəsində həyata keçirilən köklü islahatlar və görülən genişhəcmli əməli işlər barədə məlumat verilir, inzibati ədliyyənin ötən 10 illik tarixinə ətraflı nəzər salınaraq bu sahədəki inkişaf və qazanılmış nailiyyətlər göstərilir, inzibati məhkəmələrin fəaliyyəti və əldə edilmiş nəticələr təhlil olunur. İnzibati məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin daha da artırılmasına nail olmaq məqsədilə gələcəkdə həyata keçiriləcək işlərdən bəhs edilir. 

    Kitab bu il “Elm və təhsil nəşriyyatında nəfis tərtibatda çap olunub. Buraxılışa məsul  Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovdur.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev nəşrin təqdimat mərasimində çıxış edərək bildirib ki, 10 il bundan əvvəl ölkəmizdə inzibati məhkəmə icraatının tətbiqinə başlanılıb. Bu önəmli hadisə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların növbəti mühüm mərhələsini təşkil edib. İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tətbiqi ilk növbədə Konstitusiyada təsbit edilmiş qanunun aliliyinin təmin edilməsi və hüquqi dövlət quruculuğu məqsədlərinə xidmət edib, bununla bağlı səmərəli mexanizmləri təmin etməyə yönəlib. Yeni inzibati hüquq modelinin qəbulu ölkəmizdə dövlət-vətəndaş münasibətlərinə tamamilə yeni yanaşma gətirib. 

    Ölkəmizdə inzibati məhkəmələrin fəaliyyəti ilk gündən inzibati orqanların qərarlarına və hərəkətlərinə  qarşı hüquqi müdafiənin ədalətli mübahisələndirilməsinə və obyektiv hüquqi qiymət verilməsinə əsaslanır. Bunun nəticəsi olaraq,  inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılıb, inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit edilib. Artıq mülki prosesdən fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmənin yardım etmək vəzifəsi, işin hallarını xidməti vəzifəsinə görə araşdırmaq borcu və s. kimi yeni prosessual qayda və prinsiplər  tətbiq olunur.

    Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını və bu sahədə islahatların dərinləşdirilməsinin təməlinin qoyulduğunu vurğulayan Ali Məhkəmənin sədri  bildirib ki, sənəddə ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi həlledici vasitələrdən biri kimi müəyyənləşdirilib. Buna uyğun olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edilib, bu sahədə ölkəmizdə ixtisaslaşmış məhkəmələrin iki sistemi – inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb. Bununla da, həm ixtisaslaşmanın artırılmasına şərait yaradılıb, məhkəmə quruluşu optimallaşdırılıb, eləcə də məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edilib.

    Ali Məhkəmənin sədri qeyd edib  ki, inzibati məhkəmələr ötən on il ərzində ölkəmizdə həyata keçirilən davamlı islahatlar nəticəsində məhkəmə sistemindəki layiqli yerini tuta bilib. Təqdimatı keçirilən bu kitabda inzibati məhkəmələrin fəaliyyətinə dair toplanmış məlumatlar fikrimizi möhkəmləndirən yetərli mənbədir. İnzibati məhkəmələrdə baxılan işlərin təhlili göstərir ki, bu məhkəmələrdə baxılan işlərin sayı ildən-ilə artır. İnzibati məhkəmələrin timsalında vətəndaşlarımız səmərəli və işlək hüquqi müdafiə imkanı əldə ediblər. 

    “Məhkəmə təcrübəsinin öyrənilməsi bu qənaətə gəlməyə əsas verir ki, vətəndaşların hüquqlarının daha səmərəli və vaxtında təmin edilməsinə dair ümumi məqsədə nail olmaq üçün inzibati məhkəmə icraatı ilə yanaşı, paralel olaraq inzibati orqanlardakı icraatın qanunvericiliyin tələblərinə uyğun aparılması işi də daim təkmilləşdirilməlidir. İnzibati orqanlar öz fəaliyyətlərində inzibati mübahisələrə baxılması gedişində məhkəmələr tərəfindən formalaşdırılmış hüquqi mövqeləri nəzərə almalıdırlar. Hesab edirik ki, məhkəmə-hüquq sistemində aparılan davamlı islahatlara uyğun olaraq inzibati məhkəmələrin fəaliyyəti də daim yeni dövrün tələblərinə və çağırışlarına uyğun qurulmalı, insan hüquqlarının yeni standartlara uyğun daha yaxşı təmin edilməsinə nail olmaq üçün məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin artırılması  prioritet olmalıdır.  İnanırıq ki, inzibati məhkəmələr bundan sonra da yaradılma məqsədlərinə uyğun fəaliyyətlərini məsuliyyətlə davam etdirəcək və ölkəmizdə insan və vətəndaş hüquqlarının qorunması işinə öz layiqli töhfələrini verəcəklər”, - deyə Ali Məhkəmənin sədri  bildirib.  

    Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov  İn­zi­ba­ti hü­quq sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­rın məq­sə­dindən,  İnzibati məhkəmələrin 10 illik fəaliyyəti nəticəsində əldə edilmiş uğurlardan və problemlərdən, həmçinin yeni çağırışlardan danışmışdır.

    İnzibati məhkəmələrin tarixinə toxunan Kollegiya sədri  Azərbaycanda “İnzibati icraat haqqında” qanun qəbul edilənədək inzibati orqanlarda icraat qaydalarının ayrı-ayrı qanunlarda nəzərdə tutulmuş normalar və çoxsaylı normativ hüquqi aktlar əsasında tənzimləndiyini və fraqmental xarakter daşıdığını vurğulayıb. Bu sahədə vahid qanun olmadığından müxtəlif dövlət orqanlarında icraat qaydalarının müxtəlif olmasının vətəndaşların hüquqlarının pozulmasına yol açdığını qeyd edən kollegiya sədri  bildirib ki, bu baxımdan vətəndaş və dövlət arasında qarşılıqlı münasibətlərin daha demokratik, şəffaf və konstitusion təminatlara uyğun icraat qaydalarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. 

    Ölkəmizdə inzibati hüquq sahəsində həyata keçirilən islahatların məqsədi məhz bu halları aradan qaldırmaq üçün idarəçilik fəaliyyətinə hüquqi dövlət prinsipinin tələblərinə uyğun tamamilə yeni konseptual yanaşma gətirməkdən ibarət olub. İslahatların konsepsiyası ona əsaslanıb ki, məhz konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilər. Digər tərəfdən isə belə vahid icraat prosedurları dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və faydalı iş əmsalının, idarəçilik funksiyalarının yerinə yetirilməsi ilə bağlı onların məsuliyyətinin artırılmasını təmin edərdi. İnzibati orqanların idarəçilik fəaliyyəti üzrə icraat qaydalarının vahid qanun səviyyəsində nizama salınmasının əhəmiyyəti bir çox demokratik, hüquqi dövlətlərdə artıq çoxdan birmənalı  qəbul olunub.

    Təqdimat mərasimində İnzibati məhkəmələrin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri arasında keçirilən bilik yaraşmasına yekun vurulub, qaliblərə sertifikatlar verilib.

    Sonda tədbir iştirakçıları inzibati məhkəmələr barədə qısa təqdimatı izləyiblər.

Baxılıb: 1538
Paylaş