Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə tələbələr arasında bilik yarışması keçirilmişdir

Bölmə: Xəbərlər 13.11.2021 13:27
  • 2021-ci il 13 noyabrda Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ölkəmizdə inzibati məhkəmələrin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri arasında onların inzibati hüquqa və inzibati prosesə dair biliklərini daha da təkmilləşdirmək, eləcə də bu sahələrə olan marağını artırmaq məqsədilə bilik yarışması keçirilmişdir.

    Yarışmada Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Respublikasının Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası və Naxçıvan Dövlət Universiteti öz komandaları ilə təmsil olunmuşlar.

    Yarışmadan əvvəl iştirakçılarla görüşdə çıxış edən Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən köklü islahatlar və görülən geniş həcmli əməli işlər, eləcə də inzibati məhkəmələrin 10 illik fəaliyyəti və əldə edilmiş nəticələr, inzibati məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin daha da artırılmasına nail olmaq məqsədilə gələcəkdə həyata keçirilməli olan işlər barədə ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Tədbirdə həmçinin Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, İnzibati Kollegiyanın hakimi Səyyad Kərimov, Ali Məhkəmənin Aparat rəhbəri Elvin Hətəmzadə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev çıxış etmişlər.

    Yarış zamanı iştirakçıların inzibati hüquqa və inzibati məhkəmə icraatına dair təməl biliklərinin ölçülməsi məqsədilə bütün komandalara eyni bir kazus verilmiş və onun həlli ilə bağlı qoyulmuş suallar komandalar tərəfindən yazılı qaydada cavablandırılmışdır. Yarışmanın nəticələri yaxın vaxtlarda elan olunacaqdır.

Baxılıb: 1144
Paylaş