Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə Zəfər Günü qeyd edilib

Bölmə: Xəbərlər 5.11.2021 15:00
  • 5 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib.

    Öncə Azərbaycanın suverenliyi və  ərazi bütövlüyü uğrunda mübarizə aparan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi,  rəşadətli Azərbaycan Ordusunun  şücaəti, Azərbaycan xalqının birliyi  nəticəsində 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad olunaraq ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb.

    Ali Məhkəmənin sədri qeyd edib ki, XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edib və ölkəmizə qarşı hərbi təcavüzə başlayıb. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan Silahlı Qüvvələri  Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib,  həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salıb.   

    Ermənistan 30 ilə yaxın bir müddət ərzində  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər aparıcı beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq işğal altında  saxladığı torpaqlarımızı viran qoyub.  1994-cü ildə atəşkəs rejimi əldə edildikdən  sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupuna həvalə edilib. Lakin sülh danışıqları zamanı  Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin sülh yolu ilə həllini uzadaraq ona sərf edən status-kvonu davam etdirib. Nəticədə ötən illərdə ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilməyib.

    Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin pik həddi isə, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi və mülki əhalini qəsdən və məqsədyönlü şəkildə atəşə tutaraq təmas xətti boyunca Azərbaycana qarşı geniş miqyaslı hərbi kampaniyaya başlaması olub.

    Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini  təkbaşına yerinə yetirmək məcburiyyətində qalıb. Ədaləti bərpa etmək, uzun illər düşmən tapdağında olan torpaqlarımızı azad etmək uğrunda Vətən müharibəsinə başlayıb. 

    44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox  kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

    Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını hərbi-siyasi yolla Azərbaycana qaytarmağa məcbur edilib.

    Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən ideyaları, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin strateji düşüncəsi və sərkərdə qətiyyəti, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində şanlı qəhrəmanlıq salnaməsi yazaraq,  qalib xalq olduğunu  sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Baxılıb: 1098
Paylaş