Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmə sədrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olmuşdur

Bölmə: Xəbərlər 2.09.2021 13:27
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2021-ci ilin 1-2 sentyabr tarixlərində Ankara şəhərində 2021-2022 məhkəmə ilinin və Ali Məhkəmənin yeni inzibati binasının açılışına həsr olunmuş təntənəli tədbirlərdə və “Kassasiya məhkəmələrində səmərəlilik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak etmək üçün Türkiyədə rəsmi səfərdə olmuşdur. 

    Türkiyədə məhkəmə ili açılış mərasimləri 150 ildən çox köklü bir tarixə malik olan Ali Məhkəmənin ev sahibliyi ilə ənənəvi olaraq hər il keçirilir. Bu il sentyabrın 1-də keçirilən mərasim Səlcuqlu və Osmanlı memarlığının xarakterik xüsusiyyətlərini daşıyan 422.000 kvadratmetr qapalı sahəyə malik Ali Məhkəmənin yeni binasının açılışı ilə də yaddaşlarda qalacaq. Simpozium iştirakçıları Ali Məhkəmənin yeni binasını gəzmiş, burada yaradılan şəraitlə tanış olmuşlar. 

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhkəmə ilinin açılışında çıxış etməsi mərasimə xüsusi bir övqat bəxş etmişdir. Türkiyə Respublikasının Prezidenti qədim türk memarlığının möhtəşəm üslubunda inşa edilən Yargıtayın yeni xidmət binasının istifadəyə verilməsi münasibətilə məhkəmə mənsublarını təbrik etmiş, tarixi köklərə malik olan qədim türk məhkəmə-hüquq ənənələrindən söhbət açmışdır. Prezident mötəbər Ədalət sarayında insan hüquq və azadlıqlarının təmin olunacağına, türk xalqının ədalət mühakiməsi sahəsində tarixi ənənələrinin müasir tələblərə uyğun yüksək səviyyədə tətbiq ediləcəyinə əminliyini ifadə etmişdir.  

    Həmin gün beynəlxalq simpoziumun Azərbaycandan olan nümayəndə heyəti Ankara şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda olmuş, ümummilli lider Heydər Əliyevinin xatirəsinə ehtiramlarını bildirərək abidənin önünə əklil qoymuşlar.

    Sentyabrın 2-də açılış mərasimləri çərçivəsində “Kassasiya məhkəmələrində səmərəlilik” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. 

    Beynəlxalq simpoziumda kassasiya məhkəmələri üçün məhkəmə mükəmməlliyi çərçivəsinin yaradılması, bu istiqamətdə atılacaq addımlar, prosesin ilkin mərhələsinin xüsusiyyətləri, bilik və təcrübənin rolu geniş müzakirə olunmuş, təkliflər verilmişdir.

    Beynəlxalq simpoziumda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev çıxış etmişdir. 

    Ali Məhkəmənin sədri demişdir: “Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün hər iki ölkənin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın liderlikləri altında müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan xalqı keçən il Qarabağın işğaldan azad edilməsi uğrunda apardığımız mübarizəsinə Türkiyə Cumhurbaşkanı başda olmaqla bütün qardaş Türkiyə xalqının verdiyi əvəzsiz dəstəyi daim xatırlayır. Bu gün Azərbaycanda işğaldan azad olunmuş torpaqların sürətli bərpası prosesi gedir və bu zaman yenə də Türkiyə yanımızdadır. Əminəm ki, Azərbaycan- Türkiyə dostluğu və qardaşlığı bundan sonra da ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək, ümumiyyətlə, bütün bölgəyə sülh və firavanlıq gətirəcəkdir”.

    Ali Məhkəmənin sədri Azərbaycanda kassasiya məhkəməsinin statusu,  səlahiyyətləri və təcrübəsi barədə simpozium iştirakçılarına məlumat verərək bildirmişdir ki, Azərbaycanda Ali Məhkəmə həm ayrı-ayrı işlər üzrə ədalət mühakiməsini həyata keçirir, həm də məhkəmələrin təcrübəsinə aid məsələlər üzrə izahlar verir. Azərbaycanda kassasiya məhkəməsi qanunvericilik təşəbbüsü hüququna da malikdir. 

    Ali Məhkəmənin sədri qeyd etmişdir ki, son zamanlar ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatlar həyata keçirilir. Kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən həmin islahatları biz ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edirik. Yeni islahatlara əsasən bu ilin oktyabr ayından etibarən ölkəmizdə kassasiya məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla ancaq yazılı icraat qaydasında baxacaqdır. Bu qaydanın tətbiqi ilə artıq formallığa çevrilmiş şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac olmayacaq, Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edəcəkdir. 

    Ali Məhkəmənin sədri ölkəmizdə kassasiya məhkəməsinin daha səmərəli fəaliyyət göstərməsi, mükəmməlliyə çatmasının reallaşdırılması üçün  bir sıra vəzifələrin həyata keçirilməsindən söz açmışdır. Bu vəzifələr sırasında  məhkəmə təcrübəsini yaratmaq və onun vahidliyini təmin etmək, qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə norma yaratma fəaliyyətində iştirak etmək, məhkəmənin və hakimlərin müstəqilliyinin təmin edilməsinə yönəlmiş əməli işlər görmək, ədalət mühakiməsinin keyfiyyətini artmaq üçün məhkəmə sisteminin səmərəli idarəçiliyinə nail olmaq, hüquq və ədalət mühakiməsi ilə bağlı məsələlərdə davamlı təlim və tədris təşkil etmək, ədalət mühakiməsinin nüfuzunun artırılması üçün ictimaiyyətlə səmərəli əməkdaşlıq prioritet istiqamətlərdir. 

    Ali Məhkəmənin sədri xüsusi vurğulamışdır ki, son zamanlar aparılmış islahatlara nəticəsində ölkəmizdə elektron məhkəmə informasiya sistemindən istifadə imkanları daha da genişləndirilmişdir. Məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması istiqamətində qanunvericiliyə edilmiş dəyişikliklər bütün instansiya məhkəmələrində işlərin audio-video yazısının aparılmasını, baxılan işlər üzrə nəticələrin qəbul edildiyi gün elektron məhkəmə informasiya sisteminə daxil edilməsini, habelə qəbul edilmiş bütün qərarların dərc edilməsini tələb edir. Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlar bitməyən bir proses olmaqla, bizlərdən daim müasir dövrün çağırışlarına hazır olmağı tələb edir. 

    Beynəlxalq simpoziumda çıxış edənlər hüquq baxımından məhkəmə fəaliyyətinin səmərəliliyinin hüquqi çərçivəsi, qarşılaşdırmalı hüquqda məhkəmə mükəmməliyyəti çərçivəsi, ədalətin təmin edilməsində Ali Məhkəmənin rolu və digər məsələlər ətrafında qənaətlərini bölüşmüşlər. 

    Ali Məhkəmənin sədri səfər çərçivəsində ikili görüşmələr keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

Baxılıb: 733
Paylaş