Azərbaycan Respublikası Ali Məhkəməsi


Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair qərardad

Bölmə: Xəbərlər 7.07.2021 18:06
  • PDF

     

    Azərbaycan Respublikası adından

     

    Azərbaycan Respublikası Ali Məhkəməsinin

    Kommersiya Mülki Kollegiyaları

     

    Q Ə R A R D A D

    (№1/2021)

     

    Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair”

     

    Bakı şəhəri

    2021-ci il 04 iyun

     

    Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları,

    Kommersiya Kollegiyasının sədri Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və hakimləri Məmmədli Bəhram Məmməd oğlu, Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlu,

    Mülki Kollegiyanın sədri Hacıyev Sənan Firudin oğlu və hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlu, Vəliyeva Elşanə Rafiq qızı, Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç, Quliyev Gündüz Ağababa oğlu, Əliyev Ələsgər Əliabbas oğlu, Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İsfəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

    Həbibova Könül Əbülfəz qızının katibliyi ilə,

    Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq aşağıdakıları müəyyən etdi.

     

    I. Mübahisəli hüquqi məsələnin məzmunu

    1. İlk iddia üzrə iddiaçı lizinq alanlar (bundan sonra mətndə - lizinq alan) cavabdeh lizinq verən MMC-yə (bundan sonra mətndə - lizinq verən) qarşı bir neçə tələblə, o cümlədən cavabdehlə bağladıqları lizinq müqavilələri üzrə lizinqə verilmiş yük avtomaşınlarının 2/5 hissəsi üzərində onların mülkiyyət hüquqlarının tanınması tələbi ilə məhkəməyə müraciət etmişlər.

    2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında lizinq ödənişləri tam bitdikdən sonra avtomaşınların iddiaçıların mülkiyyətinə keçməsinə dair lizinq müqavilələri bağlanılmışdır. Müqavilələr üzrə cəmi lizinq ödənişləri edilmiş və müəyyən məbləğdə borc qalmışdır. Həmçinin, lizinq verən lizinq obyektlərini özü alıb mülkiyyətinə keçirməli və mülkiyyətində olan əmlakı lizinqə verməli olduğu halda, lizinq obyektlərinin dəyərinin 40 faizindən də artıq hissəsini lizinq müqavilələri bağlanılmamışdan əvvəl lizinq obyektinin satıcısına lizinq alan kimi iddiaçılar ödəmişlər. Ona görə də avtomaşınların yalnız 60 faizinə münasibətdə lizinq münasibətləri yaranmışdır. Belə olan təqdirdə lizinqə verilmiş avtomaşınların 2/5 hissəsi iddiaçıların mülkiyyətinə keçirilməli, lizinq ödənişinin ödənilməmiş qalan 60 faiz hissəsi hesablanaraq, həmin məbləğin ödənilməsi üçün iddiaçılara əlavə müddət verilməlidir.

    3. Eyni zamanda, cavabdeh MMC ilk iddia üzrə iddiaçılara qarşı qarşılıqlı iddia verərək onlardan lizinq müqaviləsi üzrə borcun tutulması, habelə lizinqə verilmiş avtomaşınların MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

    4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq müqavilələrini maliyyələşdirmək üçün tələb olunan vəsaitin çox hissəsi müvafiq Bankla bağlanmış müqavilə əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 16 faiz olmaqla bağlanmış kredit müqavilələri hesabına, qalan hissə isə daxili vəsait hesabına cəlb edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər lizinq ödənişlərini vaxtında təmin etmədiklərindən, kredit məbləğinə illik 26 faiz olmaqla cərimə faizlərini ödəməli olmuşdur. Lizinq alanlar bir ildən artıq lizinq ödənişlərini ödəməmiş, bununla da, onların lizinq müqavilələrinə xitam verildiyi tarixə lizinqverən MMC qarşısında lizinq ödənişləri üzrə borcu yaranmışdır.

    5. Kassasiya icraatı zamanı mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki məhkəmə tərkibinin ilk iddiaçıların lizinq müqavilələri üzrə avtomaşınlar üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə, eləcə də lizinq obyektləri olan avtomaşınların lizinq verənə - qarşılıqlı iddiaçıya qaytarılması tələbinə aid hissədə hüquqi mövqeyindən fərqli yanaşma tətbiq edilməsi müəyyən olunduğundan, hazırkı işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimatla müraciət etmişdir.

    6. Kassasiya instansiyası məhkəməsinin əvvəlki məhkəmə tərkibinin mövqeyinə görə müqavilələr üzrə ümumi ödənişlərin məbləği və lizinq obyektlərinin həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş avtomobillərin lizinq müqavilələrinin şərtlərinə müvafiq olaraq iddiaçıların mülkiyyətinə verilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir və işə yenidən baxılarkən bu məsələ hərtərəfli araşdırılaraq, işdəki sübutlar əsasında qanuni həllini tapmalıdır. Həmin məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçılardan həm borcun lizinq verənin xeyrinə tutulması, həm də faktiki dəyəri ödənilmiş yük avtomobilləri ilə birlikdə bütün avtomaşınların lizinq verənə qaytarılması barədə nəticəyə gəlməklə apellyasiya məhkəməsi müvafiq maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir.

    7. Təqdimatın dəlillərinə görə isə, həm mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən müvafiq normalarının, həm də tərəflər arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə əsasən, lizinq obyektlərinin üzərindəki mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti bütün lizinq ödənişlərinin lizinq alan tərəfindən həyata keçirilməsidir. Həmin şərt lizinq alanlar tərəfindən yerinə yetirilmədiyi təqdirdə, avtomaşınların üzərində ilk iddiaçıların mülkiyyət hüququnun tanınmasına dair tələblərinin təmin edilməsi qeyri-mümkündür.

    8. Göründüyü kimi, eyni iş üzrə Ali Məhkəmənin məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunur.

    9. Beləliklə, lizinq mübhisələri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən, hazırkı qərardadla həll edilməli olan mübahisəli məsələlər aşağıdakılardan ibarətdir;

    a) Lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilərmi?

    b) Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilərmi?

     

    10. Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları yazılı formada əsaslandırılmış hüquqi rəyləri təqdim etməklə müzakirələrdə iştiraka dəvət etmiş, bununla bağlı rəylər məhkəməyə təqdim olunmuşdur.

    11.  Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı ilk növbədə lizinq münasibətlərinin mahiyyətinin, onun qanunvericilikdə tənzimlənməsi xüsusiyyətlərinin araşdırılmasını vacib hesab edir.

     

    II Lizinq münasibətlərinin mahiyyəti və onun qanunvericilikdə tənzimlənməsi:

    12. Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir.

    13. Respublikamızda lizinq münasibətlərini tənzimləyən ilk qanunvericilik aktı 2003-cü il 09 avqust tarixədək qüvvədə olmuş “Lizinq xidməti haqqında” 1994-cü il 29 noyabr tarixli Qanun olmuşdur. Həmin Qanunla lizinqə xidmət kimi anlayış verilərək göstərilmişdir ki, “Lizinq-istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya orta və uzun müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür.”

    14. 2000-ci il 01 sentyabr tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra mətndə - MM) lizinqə xüsusi anlayış vermədən onu mülki dövriyyə iştirakçılarının bağladıqları müqavilə növlərindən biri kimi müəyyən etmişdir. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (MM-in 747.1-ci maddəsi);

    15. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (MM-in 747.3-cü maddəsi);

    16. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir);

    Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir;

    Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir;

    Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir;

    Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər (MM-in 747-1-ci maddəsi).

    17. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (MM-in 748-2.5-ci maddəsi).

    18. Mülki qanunvericiliyin həm lizinq müqaviləsinə verilən anlayışından, həm də lizinq münasibətlərinin iştirakçılarının dairəsindən göründüyü kimi, lizinq, lizinq predmeti olan əmlaka müvəqqəti istifadə və sahibliyi nəzərdə tutur. Qanunvericilik, eyni zamanda, müqavilə müddəti qurtardıqdan sonra, lizinq alanın lizinq predmetini əldə etmək hüququnu da təsbit etmişdir.

    19. MM-də müqavilənin subyektlərinə görə daxili və beynəlxalq lizinq fərqləndirilir. Məcəllənin 747-3-cü maddəsinə görə, daxili lizinq hər ikisi Azərbaycan Respublikasının rezidentləri olan lizinq verən və lizinq alan arasında bağlanan müqavilədir. Beynəlxalq lizinqdə lizinq verən, yaxud lizinq alan (və ya onların hər ikisi) Azərbaycan Respublikasının qeyri-rezidentləridir. 

     

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi

    20. MM-də lizinqin digər əlamətlərə görə növləri fərqləndirilməsə də, lizinq münasibətlərini tənzimləyən qanunvericiliyin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında lizinqin növlərindən asılı olaraq xarakterik xüsusiyyətlərinə, lizinqin mahiyyətinə aydınlıq gətirilmişdir.

    21. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarı:

    “... Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.                                                                                     

    Lizinqin bir sıra üstün cəhətləri vardır:

    - lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir;

    - əldə edilmiş mülkiyyət girov təminatı rolu oynayır;                                      

    - vergi güzəştlərindən  istifadə edilməsinə imkan yaradır və sair.

    ... mövcud qanunvericilikdə lizinq müqaviləsinin əsasən üçtərəfli saziş olması müəyyən olunmuşdur. Lizinq sövdələşməsinin iştirakçıları lizinq verən (lizinq şirkəti), lizinq alan və lizinqə veriləcək avadanlığın satıcısıdır. Lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması və ya bir üçtərəfli müqavilənin bağlanması nəzərdə tutulur:

    1. Lizinq verən (lizinq şirkəti) və lizinq alan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması - lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;

    2. Alqı-satqı müqaviləsinin bağlanması – lizinq verən və avadanlığın satıcısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır. Lizinq verən satıcı ilə alqı-satqı müqaviləsini lizinq alanın marağında bağlayır. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

    Eyni zamanda, lizinq əməliyyatı özündə həm də satış elementini daşıyır. 

    ... Beləliklə, lizinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu müqavilədə üç tərəf iştirak etməlidir. Mövcud mülki qanunvericilik lizinq əməliyyatlarının aparılmasında satıcının iştirakını vacib şərt kimi göstərir. Lizinqlə əlaqədar satıcı ilə alqı-satqı müqaviləsinin bağlanması mütləqdir. Mülki Məcəllənin 747-5-ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsində mütləq lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir.

    Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir:

    1) Əməliyyat (operativ) lizinqi;

    2) Maliyyə lizinqi.

    Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur.

    Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.”

    22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarı:

    “... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.

    Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir.

    Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”.

     

    Azərbaycan Respublikası Vergi Məcəlləsində maliyyə lizinqi

    23. Vergi qanunvericiliyinin tələblərinə əsasən aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

    lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;

    icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;

    icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;

    icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;

    icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz (Vergi Məcəlləsinin 140.2-ci maddəsi).

     

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”

    24. Tədbir 2.4.1: Lizinq haqqında qanun layihəsinin hazırlanması Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanunun hazırlanması nəzərdən keçiriləcəkdir. Yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaqdır. Yeni qanun əsasında müvafiq normativ hüquqi baza formalaşdırılacaq və lizinq şirkətlərinin fəaliyyəti üçün daha əlverişli şərait yaradılacaqdır.

    25. Tədbir 2.4.2: Lizinq fəaliyyətinin tənzimlənməsi və güzəştlərin tətbiqi Lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunması təmin ediləcək və yeni tənzimlənmə mexanizmləri müəyyənləşdiriləcəkdir. Bundan əlavə, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sektorlarda lizinq üçün əlavə güzəştlərin tətbiqi nəzərdən keçiriləcəkdir. Bu güzəştlər KOS subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaqdır.

    26. Göründüyü kimi, hazırda lizinq münasibətləri həm mülki, həm vergi qanunvericiliyi ilə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bu sahədə olan qanunvericiliyin şərh edilməsinə dair yuxarıda qeyd olunan Qərarları ilə tənzimlənsə də, lizinq xidmətlərinin əhəmiyyəti nəzərə alınaraq, lizinq haqqında vahid qanunun hazırlanması nəzərdə tutulmuşdur.

     

    Lizinq müqaviləsi ilə bağlı beynəlxalq iqtisadi birliklərin mövqeyi və qabaqcıl xarici ölkə qanunvericiliklərindən istinadlar:

    27. İlk növbədə qeyd olunmalıdır ki, lizinq üçün vahid beynəlxalq anlayış yoxdur. Bu lizinq münasibətlərinin çoxşaxəli olmasından, müxtəlif ölkələrin qanunvericiliyinin və vergi sisteminin fərqli yanaşmasından irəli gəlir. 

    28. Türkiyə Respublikasının 2012-ci il 21 noyabr tarixli, 6361 saylı “Finansal kiralama, faktorinq və finansman şirkətləri” Qanunu:

    Maddə 3; ç) bəndi. Maliyyə icarəsi (finansal kiralama): Maliyyə icarə müqaviləsinə əsasən bu Qanuna və ya müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyət verilmiş icarəyə verən tərəfindən maliyyələşdirmənin təmin edilməsi məqsədilə, icarə müddəti bitdikdən sonra əmlaka mülkiyyət hüququnun kirayəçiyə verilməsinə; kirayəçiyə icarə malların kirayə müddətinin sonunda malın mövcud dəyərindən (rayiç bədəl) aşağı qiymətə almaq hüququnun verilməsinə; kirayə müddətinin əmlakın iqtisadi ömrünün yüzdən səksənindən çoxunu əhatə etməsinə və ya maliyyə icarə müqaviləsinə uyğun olaraq həyata keçiriləcək icarə ödənişlərinin cari dəyərlərinin cəminin malın cari dəyərinin yüzdə doxsanında daha çox dəyər təşkil etməsinə imkan verən icarə əməliyyatdır.

    29. ABŞ-ın Federal Mühasibat Standartı Şurası (Fedaral Accounting Standart Board) tərəfindən nəşr olunan 13 saylı Federal Mühasibat Standartına əsasən, icarənin “maliyyə lizinqi” olması üçün aşağıdakı meyarlardan ən azı biri yerinə yetirilməlidir:

    1) İcarə müqaviləsi kirayəyə götürülmüş əmlakı simvolik bir qiymətə almaq hüququnu verir;

    2) İcarə müqaviləsi, icarəyə götürülmüş əmlaka mülkiyyətin müqavilənin sonunda avtomatik olaraq kirayəçiyə keçəcəyini nəzərdə tutur;

    3) İcarə müddəti ərzində kirayəçinin ödəyəcəyi kirayələrin ümumi diskontlaşdırılmış cari dəyəri icarəyə götürülmüş əmlakın bazar dəyərinin ən azı 90%-nə bərabərdir;

    4) Kirayə müddəti icarəyə götürülmüş əmlakın iqtisadi ömrünün ən azı 75%-nə bərabərdir;

    5) İcarə predmeti olan daşınmaz əmlak, icarəçinin müəyyən etdiyi xüsusi tələblər üçün alınır və ya tikilir və kirayəçi xaricində başqaları tərəfindən istifadə olunma ehtimalı azdır.

    30. İAS-17-lizinq üçün beynəlxalq mühasibat standartlarına görə lizinq-əmlakdan istifadə hüququnun razılaşdırılmış müddətə ödəniş və ya dövri ödənişlər əvəzində lizinq verənin lizinq alana verməsini nəzərdə tutan razılaşmadır.

    31. Avropa Maliyyə Lizinqi Birliyi (European Leasing Association - ELA) tərəfindən verilən anlayışa görə, maliyyə lizinqi müəyyən müddət üçün lizinq verən (lessor) və lizinq alan (lessee) arasında imzalanan və istehsalçıdan lizinq alan tərəfindən seçilən, lizinq verən tərəfindən satın alınan malın, lizinq verənin mülkiyyətinə, lizinq alanın sahibliyinə verilməsinə dair müqavilədir.

    32. Beynəlxalq Mühasibat Standartları Komitəsi (International Accounting Standards Committee - IASC) (üzvləri: Avstraliya, Kanada, Fransa, Almaniya, Yaponiya, Meksika, Hollandiya, İngiltərə, İrlandiya və ABŞ-ın iqtisadi qurumları) tərəfindən verilmiş anlayışa görə, icarə müqavilələrinin maliyyə lizinqi hesab edilməsi üçün aşağıdakı dörd şərtdən ən azı biri yerinə yetirilməlidir:

    1) icarə müqaviləsində icarə müddəti bitdikdən sonra icarəyə götürülmüş əmlaka mülkiyyət hüququnun kirayəçiyə verilməsi;

    2) icarə müqaviləsində kirayəçinin icarə sonunda icarəyə götürdüyü əmlakı müddətin sonundakı bazar qiymətindən aşağı qiymətə almaq hüququnun olması;

    3) icarə müqaviləsində göstərilən icarə müddəti, icarəyə götürülmüş əmlakın iqtisadi ömrünün ən azı 75%-nə bərabər olması;

    4) icarə müqaviləsində müəyyən edilmiş icarə müqavilənin başlanğıc tarixindəki malın bazar qiymətinin ən azı 90%-nə bərabər olması.

     IASC, bu dörd şərtdən biri mövcud olduğu təqdirdə icarə müqaviləsini “maliyyə lizinqi” kimi qiymətləndirir.

     

    II. Məhkəmənin mövqeyi

    a) Lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq müqaviləsi üzrə ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilərmi?

    33. Mülki qanunvericiliyin tələblərinə görə lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (MM-in 747-2-ci maddəsi).

    34. Anoloji yanaşma Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 140.1-ci maddəsində də qeyd olunmuşdur. Maddənin tələbinə əsasən maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır.

    35. Əsas vəsaitlərin anlayışı isə VM-in 13.2.17-ci maddəsində verilmişdir. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir (VM-in 13.2.17-ci maddəsi).

    36. Əsas vəsaitlərə aşağıdakıları aid etmək olar - binalar, tikintilər və qurğular; maşınlar və avadanlıq; yüksək texnologiyalar məhsulu olan hesablama texnikası; nəqliyyat vasitələri; digər əsas vəsaitlər (VM-in 114.3-cü maddəsi).

    37. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinin təhlili göstərir ki, əksər hallarda, konkret dəyərə malik olan, fərdiləşdirilən, ayrıca rəsmi qeydiyyatın aparılması tələb olunan əsas vəsaitlər qismində nəqliyyat vasitələri bir müqavilə ilə vahid lizinq obyekti şəklində lizinqə verilir, lizinq obyektinin ümumi dəyəri göstərilməklə ödəniş qrafiki tərtib edilir.

    38. Lakin lizinq müqavilələrinin belə məzmunda tərtib edilməsi, yuxarıda göstərilən mübahisəli məsələlərin (bax yuxarıda 9-cu bənd) yaranmasına zəmin yaradır.

    39. Qeyd olunmalıdır ki, qanunvericilikdə əsas vəsaitlərin bir neçəsinin bir lizinq obyekti şəklində lizinqə verilməsini qadağan edən və ya hər bir əsas vəsait üzrə ayrıca lizinq müqaviləsinin bağlanmalı olmasına dair imperativ norma nəzərdə tutulmamışdır. Bu baxımdan göstərilən məsələni tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq bağladıqları müqavilənin şərtləri ilə müəyyən edirlər.

    40. Hazırkı mübahisəli məsələ üzrə tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrindən biri üzrə hər biri ayrılıqda dəyəri olan bir neçə nəqliyyat vasitəsi, cəmi dəyər olmaqla bir lizinq obyekti şəklində lizinqə verilmiş, bütün nəqliyyat vasitələri üçün vahid ödəniş qrafiki tərtib edilmişdir.

    41. Lizinq obyekti üzərində lizinq alanın mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından (bax yuxarıda 17-18, 21-22-ci bəndlər) göründüyü kimi, yalnız maliyyə lizinqində lizinq obyektinin müqavilə müddətinin sonunda müqavilə ilə müəyyən edilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. 

    42. Hazırkı halda tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinin lizinq obyektinə mülkiyyət hüququnun keçməsi qaydasını müəyyən edən müvafiq bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə Lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış dəbbə pulu və cərimələrin ödənilməsi şərti ilə, Lizinq alan Lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün Lizinq alan Lizinq verənə Lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olması barədə məlumat verməlidir. Bu halda Lizinq obyektinin satınalma dəyəri lizinq ödənişi cədvəlinin son ayı üzrə lizinq ödənişinin məbləği (cari dəyər və faiz) təşkil edir. Son lizinq ödənişi, dəbbə pulu və cərimələr ödənildikdən sonra Lizinq verən, Lizinq alana Lizinq obyektinə mülkiyyət hüququnu verən sənədlərin hazırlanmasını öhdəsinə götürür. Lizinq obyektinə mülkiyyət hüququnun keçməsi/yenidən rəsmiləşdirilməsi ilə bağlı xərcləri Lizinq alan ödəyir.

    43. Həm mülki qanunvericiliyin (bax yuxarıda 17-ci bənd), həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Lizinq ödənişlərinin ümumi məbləği, lizinq müqaviləsinə əlavə formasında, lizinq verən və lizinq alan tərəfindən təsdiq edilir.

    44. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

    45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.

    46. MM-in lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır.

    47. Göründüyü kimi, həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur.

    48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

     

    b) Lizinq müqavilələri üzrə lizinq obyektlərinə görə avans ödənişləri nəzərə alınmaqla, ödənişlərin məbləğinə müvafiq hissədə lizinq alanların mülkiyyət hüquqları tanına bilərmi?

    49. Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir.

    50. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXIV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

    51. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır .

    52. Lizinq münasibətlərində avans ödənişlərinin aparılmasının hüquqi əsasları ilə bağlı qeyd edilməlidir ki, MM-in müvafiq münasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən avansın ödənilməli olmasına dair norma nəzərdə tutulmamışdır. Eləcə də, qanunvericiliklə, avansın ödənilməsi qadağan edilməmişdir.

     53. Məhkəmə tərkibi hesab edir ki, məsələnin daha aydın şəkildə izahı və müqayisəsi üçün, avansın ətraflı şəkildə tənzimləndiyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərdən keçirilə bilər:

     

     “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

     54.“Maddə 40-1. Satınalma müqaviləsi üzrə ödəmələr

     40-1.1. Satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. Malgöndərən (podratçı) avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir;

     40-1.3. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır; .

     40-1.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.”

    55. Sadalanan normaların məzmunundan göründüyü kimi, mahiyyət etibarı ilə avans, mülki hüquqi əqd üzrə əvvəlcədən aparılan ödənişdir və podratçı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir.

    56. Hazırkı mübahisəli hüquqi məsələ üzrə lizinq alanlar lizinq obyektinin dəyərinin bir hissəsini avans ödənişi şəklində lizinq müqaviləsi bağlananadək lizinq obyektinin satıcısına ödəmələrinə istinadla, ödənişə müvafiq hissədə lizinq obyektləri üzərində mülkiyyət hüquqlarının yarandığını iddia edirlər.

    57. Bununla bağlı tərəflər arasında bağlanmış lizinq müqavilələrində lizinq alanlar avans  ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin, müqavilədə belə şərt nəzərdə tutulmuşdur ki, lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir.

    58. Göründüyü kimi, MM-də lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.

    59. Lakin həmin müqavilələrdə lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan mübahisəli məsələlərin yaranmasına zəmin yaratmamaq üçün lizinq müqaviləsi üzrə tərəflərin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq alanın avans ödəmək öhdəliyini tənzimləyən müvafiq normanın olmamasını nəzərə almaları,    mübahisə halında qarşılıqlı hesablaşmaların aparılması qaydasına dair müqavilə şərtini müəyyən etmələri məqsədəuyğun olardı.

    60. Həmçinin, nəzərə alınmalıdır ki, lizinq alanların avans ödənişləri zamanı məqsəd əşya üzərində mülkiyyət hüququ əldə edilməsindən ibarət olmuşdursa, bunun hüquqi forması lizinq müqaviləsi deyil, alqı-satqı müqaviləsi ola bilərdi. Başqa sözlə, lizinq alanlar lizinq obyektlərinə görə ödədikləri məbləğ həddində, lizinq müqavilələri bağlamadan da müvafiq əşyaları mülkiyyətlərinə almaları üçün alqı-satqı müqavilələri bağlaya bilərdilər.

    61. Məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini, tərəflər arasında bağlanmış hazırkı lizinq müqavilələrinin şərtlərini təhlil edərək, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında şərh olunmuş mövqeyini (bax yuxarıda 21-22-ci bəndlər) nəzərə alaraq belə qənaətə gəlir ki, bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz.

    62. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi MPM-in 418-1-ci maddəsini rəhbər tutaraq

     

    Q Ə R A R A  A L D I:

    1. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

    2. Bir neçə lizinq müqaviləsi üzrə, lizinq alanlar tərəfindən lizinq obyektinin dəyəri üçün avans şəklində ödənilmiş ayrı-ayrı məbləğlərin cəmi nəzərə alınmaqla, lizinq obyektlərinin bir hissəsi üzərində lizinq alanların mülkiyyət hüquqları tanına bilməz.

    3. Qərardad Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Bülletenində dərc edilsin.

     

    Sədrlik edən                                                                                       Kəmalə Abiyeva

Baxılıb: 844
Paylaş