Azərbaycan Respublikası Ali Məhkəməsi


Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Ali Məhkəmədə olmuşdur

Bölmə: Xəbərlər 6.07.2021 15:00
  • 2021-ci il iyulun 6-da ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə çox hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına dərin təşəkkürünü ifadə etmişdir. Ali Məhkəmənin sədri ölkələrimiz arasında yüksək səviyyəli çoxtərəfli əməkdaşlığın mövcud olduğunu vurğulamışdır.

    Bir millət, iki dövlət arasında yüksələn xətlə inkişaf edən strateji münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırıldığını qeyd edən Ali Məhkəmənin sədri bu ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin diplomatiya tarixinin ən mühüm sənədlərindən biri kimi dəyərləndirmişdir.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyət dairəsi barədə məlumat vermişdir.

    Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır. Hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırılmasını, Azərbaycanın hakim korpusunun formalaşmasında Türkiyə Ədliyyə Akademiyasının xidmətini xüsusi qeyd etmişdir.

    Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir səmimi görüşə görə təşəkkürünü bildirərək Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər münasibətilə təbriklərini çatdırmış, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləmiş, Azərbaycan xalqına bundan sonra sülh və əmin-amanlıq arzulamışdır.

    Nümayəndə heyətinin rəhbəri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasını və məhkəmə-hüquq sistemində aparılan islahatları yüksək qiymətləndirmişdir. O, həmçinin iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini və buna əminliyini nəzərə çatdırmışdır.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

    Türkiyə nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.

Baxılıb: 702
Paylaş