Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmə sədrinin Avstriya və Almaniyaya rəsmi səfəri
  • 10-14 sentyabr 2008-ci il tarixlərdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) və Berlin Yuxarı Torpaq Məhkəməsinin dəvəti ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın Lints və Almaniyanın Berlin şəhərlərində rəsmi səfərdə olmuşdur.
    Səfər üç Cənubi Qafqaz ölkələrinin yüksək rütbəli məhkəmə sədrləri və hakimlər üçün nəzərdə tutulmuşdur.
    Sentyabrın 11-də Lints ərazi məhkəməsinin sədri Valter Engelberq və Lints Torpaq məhkəməsinin sədri Hans Kirxqatererlə görüş keçirilmişdir.
     Qonaqlara Avstriya məhkəmə sistemi haqqında geniş məlumat verilmişdir. Böyük tarixi olan Avstriya məhkəmə sisteminin əsas tarixi 1870-ci ildən başlayır və bugün dünyanın ən nümunəvi məhkəmə sistemlərindən biri hesab olunur.
    Vətəndaşların məhkəməyə müraciətlərinin asanlaşdırılması məqsədi ilə burada müasir elektron “Xidmət Mərkəzi” yaradılmışdır.
    Həmin gün Azərbaycan nümayəndə heyəti Lints Ali Məhkəməsinin sədri Alois Yunq ilə görüş keçirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayev dəvət üçün minnətdarlığını bildirmiş, Azərbaycan və Avstriya məhkəmə sistemləri arasında hər zaman əməkdaşlığın mühüm olduğunu vurğulamışdır. Görüşdə Avstriya Ədliyyə sisteminin ictimaiyyətlə və KİV ilə işi müzakirə olunmuşdur.
    Sentyabrın 12-də nümayəndə heyətləri Berlində Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf nazirliyində Cənubi Qafqaz üzrə siyasi əməkdaşlığın inkişafı üzrə koordinatoru Yurgen Tsol ilə görüş keçirmişlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Azərbaycanda məhkəmə-hüquq sahəsində gördüyü işləri Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmiş, gələcəkdə də bu qürumla əməkdaşlığın vacib olduğunu vurğulamışdır.
    Sentyabrın 13-də Berlin Yuxarı Torpaq məhkəməsində qeyd olunmuş məhkəmə və Berlin Konstitusiya Məhkəməsi tərəfindən təşkil edilmiş “Açıq Qapılar” günü keçirilmişdir. Bu tədbir adi vətəndaşlar üçün təşkil olunur və insanlara məhkəmədə adi iş günündə görülən işləri canlı müşahidə etmək imkanı verilir.
    Burada Berlin Yuxarı Torpaq Məhkəməsinin sədri xanım Monika Nöre, Berlin Konstitusiya Məhkəməsinin sədri xanım İnqrid Divell və Berlin Ədliyyə Senatının dövlət katibi Hasso Liberlə ikitərəfli görüşlər keçirilmişdir.
    Sentyabrın 14-də Azərbaycan nümayəndə heyətinin Avstriya və Almaniya Federativ Respublikasına rəsmi səfəri başa çatmışdır.


<<  Geri qayıt