Azərbaycan Respublikası Ali Məhkəməsi


Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür

Bölmə: Xəbərlər 26.11.2019 18:35
  •           2019-cu il noyabrın 26-da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

              Hörmətli qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barəsində məlumat vermiş, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulamışdır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığını diqqətə çatdıran Ali Məhkəmənin sədri beynəlxalq nüfuzlu hüquq təşkilatları ilə, xüsusən Avropa İnsan Hüquqları Məhkəməsi ilə sıx əməkdaşlıq etdiklərini bildirmişdir.

              Qazaxstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanov Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına və məhkəmə təcrübəsinə xüsusi maraq göstərdiklərini ifadə etmişdir. Azərbaycanda mövcud qanunvericilik və məhkəmə-hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini söyləmişdir.

              Sonra Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilən görüşdə Qazaxıstan Respublikası Ali Məhkəməsinin fəaliyyəti ilə bağlı təqdimat olmuşdur. Tədbirdə inzibati icraat və inzibati prosessual hüququn islahatları, yeni inzibati hüququn tətbiqi və inkişafı ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunmuş, xüsusilə inzibati məhkəmələrin fəaliyyəti və bu sahədə mövcud məhkəmə təcrübəsi barədə fikir mübadiləsi aparılmışdır.

              Qazaxıstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar. Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanov Ali Məhkəmənin Xatirə kitabına  ürək sözlərini yazmışdır.

     

Baxılıb: 227
Paylaş