Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Fransada səfərdə olmuşdur
  •             Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-13 sentyabr 2019-cu ildə  Parisdə  keçirilən Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin konfransında iştirak etmişdir.

                     Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Kassasiya Məhkəməsi, Konstitusiya Şurası və Dövlət Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılması, insan haqlarının təmin olunması, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələrin paylaşılması olmuşdur.

                   Konfransın ilk günü Fransa Respublikasının Prezidenti Emmanuel Makron Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərini qəbul etmişdir. Qəbulda beynəlxalq hüququn müxtəlif istiqamətləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılmışdır.

                  Konfransda məhkəmədə hüquq müdafiələrinin effektiv vasitələri, milli məhkəmələr və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasındakı münasibətlər, şəxsi və ailə həyatına hörmət hüququ ilə ifadə azadlığının toqquşması mövzularında çıxışlar edilmişdir.

                 Tədbirdə Fransa Kassasiya Məhkəməsinin sədri, Konstitusiya Şurasının sədri, Dövlət Şurasının sədr müavini, Ədliyyə naziri, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri, Avropa Şurasının Baş Katibi və digər məsul şəxslər məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.

                     Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali Məhkəmə sədrləri və digər rəsmilərlə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı  söhbətlər aparmış, suallara cavab vermişdir. Maraq doğuran söhbətlər  zamanı Azərbaycanın məhkəmə təcrübəsinə və aparılan islahatlara xüsusi diqqət  göstərilmişdir.

  • 16.09.2019

<<  Geri qayıt