Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Sədri Amerika Birləşmiş Ştatlarında səfərdə olmuşdur
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Miçiqan Universiteti hüquq fakultəsinin və Forz Ailə Fondunun birgə təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Ann Arbor şəhərində keçirilən 15-ci Beynəlxalq Hüquq Konfransında iştirak etmişdir.
     
    Beynəlxalq məhkəmə əməkdaşlığına həsr olunmuş konfransa 53 ölkənin Konstitusiya, Ali Məhkəmələrinin sədrləri və nümayəndələri qatılmışlar.
     
    Konfransda insan hüquqlarının müdafiəsinə dair daxili məhkəmə qaydalarının beynəlxalq normalara inteqrasiyası, iqtisadi iddiaların həllində məhkəmə muxtariyatı,beynəlxalq məhkəmələrin presedent hüququnun məhkəmə qərarlarına təsiri, beynəlxalq hüquq normalarının və dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq müqavilələrin milli məhkəmə icraatında tətbiqi məsələləri müzakirə olunmuşdur.
     
    Müzakirələr zamanı qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi, dövlətin daxili funksiyası, onun suverenliyinin həyata keçirilməsi formalarından biri olmuşdur. Məhkəmə icraatı qaydaları uzun illər boyu milli hüquq normaları ilə tənzimlənsə də hal-hazırda bu ənənə müəyyən dəyişikliyə məruz qalmaqdadır. Beynəlxalq ünsiyyətin və əməkdaşlığın genişlənməsi, dövlətlər arası iqtisadi inteqrasiya beynəlxalq hüquq normalarının daxili məhkəmə icraatının tərkib hissəsinə çevrilməsini zəruri etməkdədir. Beynəlxalq hüquq normalarının milli qanunvericilik daxilində məhz məhkəmələr tərəfindən tətbiqi onların dövlətdaxili hüquq sisteminə implementasiyasını daha da səmərəli etmiş olur.
     
    Müstəqillik əldə edəndən sonra Azərbaycan Respublikası birsıra universal və regional beynəlxalq təşkilatlara daxil olmuş, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş beynəlxalq müqavilələrə qoşulmuş, tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə, beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Konfransda çıxış edən ayrı-ayrı dövlətlərin məhkəmə orqanlarının rəhbərləri beyxəlxalq hüquq sisteminə inteqrasiyanın xüsusiyyətlərindən və bu sahədə əldə olunmuş təcrübədən söhbət açmışlar.
     
    Konfransda And cəmiyyətində intellektual mülkiyyət, And cəmiyyətinin məhkəmə palatasının yaradılması haqqında saziş və And cəmiyyətinin məcəlləsi də geniş müzakirə obyektinə çevrilmişdir.
     
    Konfransda beynəlxalq müqavilələrin və beynəlxalq hüquq normalarının hüquqi təsviriilə bağlı geniş fikir mübadiləsi aparılmış, beynəlxalq qanunların tətbiqi zamanı insan və vətəndaşların hüquq və azadlıqlarına, maraqlarına daha çox üstünlük verilməsi tövsiyyə edilmişdir.

<<  Geri qayıt