Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə görüş

Bölmə: Xəbərlər 5.09.2019 12:35
  • 2019-cu il sentyabr ayının 5-də ölkəmizdə səfərdə olan AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Sunna Thorhildur Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

              Görüşdə Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.

    Ali Məhkəmənin Cinayət kollegiyasının sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qisa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulmuşdur. Azərbaycanın Avropaya inteqrasiya olunduğu bir zamanda bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən Ali Məhkəmədə işlərə baxılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilir. Qeyd etmişdir ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir.  Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır və bu təqdir olunur.

              Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.

              Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Sunna Thorhildur Evarsdottir və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab vermişdir.

Baxılıb: 31
Paylaş