Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmə Sədrinin Türkiyəyə Rəsmi Səfəri
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2008-ci il aprelin 14-dən 18-dək Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Hasan Gerçekerin dəvəti ilə Türkiyədə rəsmi səfərdə olmuşdur.
     
    Aprelin 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Hasan Gerçekerlə görüşmüşdür.
     
    Görüşdə Ramiz Rzayev hər iki qardaş xalqın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır. Xüsusilə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Türkiyə Respublikasının Ali Məhkəməsi arasında 2007-ci il noyabrın 20-də imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hər iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığının daha da inkişaf etməsinə təkan verdiyini bildirmişdir.
     
    Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Hasan Gerçeker Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
     
    Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
     
    Həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Ədliyyə naziri Mehmet Ali Şahinlə, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıcla, Yargıtay Cümhuriyyət Baş Prokuroru Əbdürrəhman Yalçınkaya ilə görüşmüş, qanunçuluğun təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər.
     
    Bu görüşlər zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Türkiyədə hüquqi dövlət quruculuğunun müasir standartlar səviyyəsində olduğunu bildirərək, hüquq sahəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirmişdir.
     
    Elə həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Anıtqəbir Mavzoleyinə gələrək   Türk dünyasının görkəmli oğlu Mustafa Kamal Atatürkün məzarını ziyarət etmişlər. Ramiz Rzayev burada Xatirə kitabına öz ürək sözlərini yazmışdır.
     
    Azərbaycan nümayəndə heyətinin üzvləri Qurtuluş muzeyində və Anadolu Mədəniyyətləri muzeyinə gəlmiş, Türkiyənin azadlığı uğrunda mübarizə tarixini əks etdirən materiallarla və mədəniyyət abidələri ilə tanış olmuşlar.
     
     Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisi sədrinin müavini xanım Meral Akşenerlə, Ankara şəhərinin Baş Prokuroru ilə və Danıştay Məhkəməsində keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.
     
    Ankarada ən müasir avadanlıqlarla təchiz olunmuş Ədliyyə Akademiyasına gələn Azərbaycan nümayəndə heyətinin üzvləri burada tədris prosesi ilə yaxından tanış olmuşlar. Yüksək ixtisaslı ədliyyə kadrları hazırlayan bu Akademiyada təhsilin keyfiyyəti beynəlxalq standartlara tam cavab verir.
     
    Aprelin 15-də Türkiyə Respublikasının Prezidenti cənab Abdulla Gül Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevi qəbul etmişdir.
     
    Görüşdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksək səviyyədə olduğu vurğulanmış, ədalət mühakiməsini həyata keçirən orqanların əməkdaşlığının qarşılıqlı münasibətlərin inkişafına öz töhvəsini verdiyi bildirilmişdir. Azərbaycan Ali Məhkəməsi sədrinin Türkiyəyə səfərinin ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyi xüsusi qeyd olunmuşdur.
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da İstanbul şəhərinə gəlmişdir. Azərbaycan Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin İstanbul Cümhuriyyət Baş Prokuroru Aykut Çengiz Enginlə görüşündə hüquq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
     
    Aprelin 18-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başa çatmışdır. 

<<  Geri qayıt