Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 24.01.2014
  •           24 yanvar 2014-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.
               Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmış, Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, Aparatda yeni texnologiyalar tətbiq edilmiş, maddi-texniki baza möhkəmləndirilmiş, hakimlərin və məhkəmə aparatı işçilərinin əmək haqları artırılmışdır. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2013-cü il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Respublikamızın bir sıra rayonlarında yeni məhkəmə binaları tikilib istifadəyə verilmişdir. 
                Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəməq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir. 
    Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2013-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
    Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
    Məruzə edən kollegiya sədrləri 2013-cü ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
               Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2013-cü ildə baxılmış işlərin sayı 2012-ci illə müqayisədə artmışdır. Mülki kollegiyada 6,2 faiz, inzibati-iqtisadi kollegiyada 49,2 faiz, cinayət kollegiyasında 3,6 faiz, hərbi kollegiyada isə 9,7 faiz artma müşahidə olunmuşdur. Ailə, mülkiyyət,   əmək hüququna,   torpaq, vergi, bank krediti məsələləri ilə əlaqədar  baxılan işlərin sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Xüsusilə qeyd edilmişdir ki, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı vəzifəli şəxslərin qanunla uzlaşmayan hərəkətlərinə dair inzibati işlərə baxılması 91,8 faiz təşkil etmişdir.
    Ümumiyyətlə,  Ali  Məhkəmədə  baxılan işlərin sayı 12,5 faiz artdığına görə ləğv olunan məhkəmə qərarlarının sayı  da buna nisbətdə   artmışdır.
    Plenumda Analitik və qanunvericiliyin sistemləşdirilməsi, Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbələri müdirlərinin 2013-cü ilin yekunlarına dair hesabatları dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2013-cü  ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
    Ali Məhkəməyə edilən müraciətlərdə artma müşahidə olunmuşdur. Bunu, vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar.
    Ali Məhkəmənin Plenumunun 2013-cü ildə 6 iclası keçirilmiş, 21 qərar çıxarılmışdır.
    Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının tərkibi və Ali Məhkəmənin 2014-cü ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
    Plenumda konkret işlərə baxılmış, müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilmişdir.


<<  Geri qayıt