Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Bölmə: Xəbərlər 10.03.2022 15:00
  • 2022-ci il martın 10-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. Bunun bariz nümunəsi kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) bir çox sahələrdə, xüsusilə, məhkəmə-hüquq sahəsində fəaliyyətini qeyd etmişdir.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin yeni strukturu və fəaliyyət dairəsi barədə məlumat vermişdir.

    Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır. Ali Məhkəmənin sədri bildirmişdir ki, məhkəmə sistemində ən yeni informasiya texnologiyaları, “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Hakim vəzifəsinə seçim prosedurları yeni, müasir  standartlara  uyğun aparılır.

    Səmimi qəbula görə təşəkkür edən səfir Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını maraqla izlədiyini bildirmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini  qeyd etmişdir. Səfir  iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Baxılıb: 1656
Paylaş